13/01/2025
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu təsdiqləyib.
Qanuna əsasən, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq və investisiya fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasından ibarətdir.
Sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində dəyişikliklərə görə, dövlət - özəl sektor tərəfdaşlığı çərçivəsində vergi təşviqləri, bir sıra mədəniyyət sahələrinə vergi güzəştləri verilib. Vergi Məcəlləsində öz əksini tapan və 1 yanvar 2025-ci il tarixində müddəti bitən bir sıra güzəştlərin müddəti uzadılıb. Bundan başqa, investisiya mühitinin təkmilləşdirilməsi məqsədilə qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulan verginin dərəcəsinin azaldılması, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin 2025-ci ilin yanvar ayının 1-dən etibarən 2 il müddətinə yol vergisindən azad edilməsi, qeyri-rezidentin sifarişi əsasında gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən gəmilərin, digər dəniz və su nəqliyyatı vasitələrinin, hidrotexniki qurğuların təmiri üzrə xidmətlərin göstərilməsinin ƏDV-yə “0” dərəcə ilə cəlb edilməsi nəzərdə tutulur.
Vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi ilə bağlı dəyişikliklərə bazarlara nəzarət, qiymətli daşların, qiymətli metalların və onlardan hazırlanmış məmulatların, mədəniyyət məhsullarının, rəsmi reyestrdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qaydada qəbul edən şəxslərə maliyyə sanksiyasının tətbiqi, idxal malları barədə məlumat forması təqdim etməli olan idxalçıların dairəsinin məhdudlaşdırılması və bu sahədə inzibatçılığın dəqiqləşdirilməsi daxildir.